Ulu Öndər Heydər Əliyev - Azərbaycanın iqtisadi inkişaf strategiyası
Azərbaycan xalqının Ümummilli Lideri, dahi şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü tamam olur. Ümummilli Liderin Azərbaycan naminə gördüyü misilsiz işlər onu tarixdə və yaddaşlarda əbədiyaşar etmişdir.
Tarixə nəzər salsaq görərik ki, xalqımızın son otuz illik inkişaf tarixi məhz Heydər Əliyev kimi böyük bir şəxsiyyətin adı ilə bağlı olmuşdur. Hələ 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçilmiş Heydər Əliyev tez bir zamanda öz gərgin əməyi sayəsində Azərbaycan Respublikasını digər SSRİ respublikaları arasında önə çıxarmışdır. Hakimiyyətinin ilk illərindən etibarən daim öz qayğısını xalqdan əsirgəməmiş, istər birinci katib işləyərkən, istərsə də ondan sonra İttifaq səviyyəli vəzifələrdə çalışarkən, Azərbaycan xalqını, onun maraq və mənafeyini bütün maraqlardan üstün tutan Heydər Əliyev dəfələrlə öz sinəsini sipər kimi qabağa verərək xalqımızın və dövlətimizin əleyhinə qərar qəbul edilməsinə mane olmuş, mötəbər tribunalardan dəyərli, tutarlı və kəskin fikirləri ilə düşmənləri yerində oturtmuşdur.
Ulu Öndər 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciənin ertəsi günü Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. SSRİ rəhbərliyinin ikiüzlü siyasəti nəticəsində Qarabağda yaranan kəskin münaqişə vəziyyətinə etiraz əlaməti olaraq Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini vəzifələrində çalışmışdır. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir. 1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi nəticəsində ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarananda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü və Azərbaycanın o dövrkü rəhbərliyi Heydər Əliyevi Bakıya dəvət etməli oldu.
Xalqın iradəsi və təkidli tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Azərbaycanı xaos və böhrandan çıxardı, vətəndaş müharibəsinin qarşısını aldı, atəşkəsə nail oldu, böyük xilaskar missiyasını yerinə yetirdi. Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da taleyüklü dəyişikliklərin əsası qoyuldu, Azərbaycan dövlətini və ölkə iqtisadiyyatını labüd fəlakətdən, hərc-mərclikdən xilas edən Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün təcili tədbirlər görməyə başladı. Ümummilli Liderin rəhbərliyi ilə qısa müddət ərzində ölkədə bazar iqtisadiyyatının formalaşması məqsədilə qanunvericilik bazası yaradıldı, məqsədli Dövlət proqramları qəbul edildi, institusional islahatlar aparıldı, mülkiyyət münasibətlərində köklü dəyişikliklər edilməsi üçün müvafiq addımlar atıldı.
Ulu Öndər tərəfindən həyata keçirilən qətiyyətli iqtisadi islahatlar qısa bir zamanda geniş beynəlxalq dəstək aldı. Beynəlxalq Valyuta Fondu və Dünya Bankı tərəfindən Azərbaycanda iqtisadi islahatlar haqqında xüsusi proqram hazırlandı və ölkəmizə maliyyə yardımının göstərilməsinə başlanıldı. Bu mötəbər beynəlxalq maliyyə-kredit institutları ilə sıx əməkdaşlıq şəraitində hazırlanmış sabitləşdirmə proqramına uyğun olaraq iqtisadiyyatın liberallaşdırılmasına yönələn radikal islahatlar həyata keçirildi. Sevindirici haldır ki, bu gün Azərbaycan Respublikası ilə uğurlu əməkdaşlığı davam etdirən beynəlxalq maliyyə qurumları bir çox sahələr kimi, tikinti infrastrukturunun da yenidən qurulmasına kreditlər ayırırlar.
Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən köklü iqtisadi dəyişikliklər nəticəsində həyatın bütün sahələrində olduğu kimi, tikinti, yol təsərrüfatının fəaliyyətində də tənəzzülə son qoyuldu. Yeri gəlmişkən, hər bir dövlətin iqtisadi potensialı, gücü və qüdrəti onun malik olduğu tikinti-yol infrastrukturunun inkişaf səviyyəsi ilə ölçülür. Məhz buna görə də Ümummilli Liderimiz Heydər Əliyev iqtisadiyyatın inkişafında bu sahənin həlledici roluna yüksək qiymət verir və inkişafına xüsusi diqqət, qayğı göstərirdi.
Müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin misilsiz idarəçilik qabiliyyəti, gərgin əməyi nəticəsində əldə olunmuş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün möhkəm zəmin yaratdı. Ölkəmizin iqtisadi və demokratik inkişafı, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qazandığı böyük nailiyyətlər, heç şübhəsiz, Ümummilli Lider Heydər Əliyev tərəfindən formalaşdırılmış möhkəm təmələ əsaslanır.
Bu gün müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi yolla gedərək daha xoşbəxt gələcəyə doğru inamla addımlayır, Prezident İlham Əliyevin yorulmaz səyləri nəticəsində ölkəmiz beynəlxalq mövqeyini və nüfuzunu daha da möhkəmləndirir. Ümummilli Liderin strateji inkişaf konsepsiyasının reallaşdırılması Azərbaycanımızın hərtərəfli tərəqqisini təmin edir. Dünyaya sürətlə inteqrasiya olunan ölkəmiz regionun aparıcı dövlətinə çevrilmiş, yüksək iqtisadi inkişaf göstəriciləri ilə dünyada ən qabaqcıl yerlərə çıxmışdır. Bir sözlə, müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir.
Elxan Paşayev,
“Caspian Capital Group” şirkətinin təsisçisi