ND Company “Rebuild Karabakh” sərgisində iştirak edir
Oktyabrın 15-də Bakı Ekspo Mərkəzində regionun tikinti sənayesində ən böyük tədbir olan Xəzər İnşaat Həftəsinin açılışı olub. Xəzər İnşaat Həftəsi çərçivəsində 4-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı “Rebuild Karabakh” sərgisi də öz işinə başlayıb.
Sərgidə "Caspian Capital Group" şirkətinə daxil ND Company QSC öz stendi ilə təmsil olunur.
Stenddə sərgi iştirakçılarına işğaldan azad edilmiş ərazilərdə tikintisi davam edən və planlaşdırılan tikinti layihələri barədə məlumatlar verilir. Şirkət tərəfindən Ağdamda, Kəlbəcərdə aparılan tikinti işləri barədə, həmçinin gələcək planlar haqqında həm video, həm də statik formada materiallar nümayiş olunur
ND Company şirkətinin direktoru Elvin Mahmudov da bir sıra şirkətlərlə işgüzar görüşlər keçirib, müzakirələr aparıb.
E.Mahmudov jurnalistlərə müsahibəsində bildirib ki, sərgidə iştirakın əsas məqsədi regiondakı tikinti obyektlərinin yenidən qurulması, zəruri infrastrukturun bərpası prosesinin effektivliyini artırmaq, bu istiqamətdə özəl-dövlət tərəfdaşlığını möhkəmləndirmək, bölgələrin inkişafı üçün ən cəlbedici və səmərəli məhsul, layihə və həlləri nümayiş etdirməkdən ibarətdir. Bununla yanaşı sərgidə iştirak Qarabağda müasir infrastruktur obyektlərinin tikintisinə dəstək məqsədilə mövcud və potensial müştərilərlə qarşılaşmaq, onların istək və gözləntilərini müəyyənləşdirmək baxımından vacib rol oynayır.
Qeyd edək ki, sərgidə 22 ölkədən 380-dаn artıq şirkət yer alıb. Sərginin əsas hədəfi Qarabağ üçün investisiyaların həcmini artırmaq, xarici şirkətlərin Qarabağın inkişafında, infrastrukturunun bərpasında, mülki obyektlərin tikintisində iştirak etməsini təmin etməkdir.